
✦ Rəcəb paşa məscidi 1724-cü ildə Osmanlı qoşunlarının İrəvanı yenidən ələ keçirməsindən sonra, 1725-ci ildə Osmanlı sərkərdəsi Rəcəb paşanın tapşırığı ilə İrəvan qalasının daxilində inşa edilmişdir. Şərq memarlığına məxsus ornamentlərlə bəzədilmiş düzgün paralelepiped planlı və sferik günbəzli bina olmuşdur.
✦ 1827-ci ilin oktyabrın 1-də İrəvan qalasının çar Rusiyasının qoşunları tərəfindən işğalından dərhal sonra məscidin günbəzinə qoyulmuş ay-ulduz çıxarılmış, yerinə xaç və zəng asılaraq, rus pravoslav kilsəsinə çevrilmişdir. Daha sonra fasadına sütunlar əlavə edilmiş və ümumi görünüşü xristian məbədi üslubuna uyğunlaşdırılmışdır. Alman tədqiqatçısı Avqust fon Haksthauzen 1843-cü ildə Rəcəb paşa məscidinin rus-yunan kilsəsi kimi fəaliyyət göstərdiyini qeyd edirdi.
✦ Rəssam Frans Rubo tərəfindən çəkilmiş “İrəvan qalasının alınması” tablosunda məscidin günbəzli silueti aydın təsvir olunmuşdur.
✦ Məscid 1930-cu ildə Sovet hakimiyyətinin ateizm siyasəti zamanı tamamilə dağıdılmışdır.