
✦ Göy məscid İrəvan xanlığının mərkəzi şəhəri olan İrəvanda yerləşən ən böyük və ən qədim məscidlərdən biridir. Şərq memarlığının nadir nümunəsi sayılan bu ibadətgahın inşasına Hüseynəli xanın hakimiyyəti dövründə - 1760-cı ildə başlanmış və 1765-ci ildə tamamlanmışdır. Məscidin cənub portalındakı kitabədə tikintinin tarixi və memarın adı qeyd edilmişdir.
✦ Məscid İrəvan şəhərinin mərkəzində örtülü bazarla üzbəüz yerləşirdi. Ümumi ölçüləri 97,2 x 66 metr olan kompleks iki əsas hissədən - qış və yay korpuslarından ibarət idi. Göy rəngli kaşı ilə üzlənmiş böyük günbəzi və təxminən 24 metr hündürlüyə malik minarəsi onun memarlıq siluetini formalaşdırırdı. Məscidin həyətində su hovuzu salınmış, kölgəlik ağaclar əkilmiş, ibadət zalında kişi və qadınlar üçün ayrı bölmələr nəzərdə tutulmuşdu.
✦ Kompozisiya baxımından 1616-cı ildə Gəncədə tikilmiş Cümə məscidinə bənzəyən Göy məscid bütün səyyah və tədqiqatçıların əsərlərində gözəlliyi və miqyasına görə İrəvanın ən möhtəşəm dini tikilisi kimi qeyd olunmuşdu. İç bəzəklərində güzgü və gül naxışlarından geniş istifadə edilmişdi.
✦ Sovet hakimiyyəti dövründə (1920-1991) məscidin dini fəaliyyəti dayandırılmış, müxtəlif illərdə hərbi sursat anbarı, muzey və planetarium kimi istifadə olunmuşdur. 1995-ci ildə İran ilə Ermənistan arasında imzalanmış razılaşma əsasında məscidin bərpası İran tərəfindən maliyyələşdirilmiş, rekonstruksiya işləri 2006-cı ildə tamamlanmışdır. 2016-cı ildə Ermənistan dövləti tərəfindən 99 il müddətinə fars məscidi kimi İran səfirliyinə icarəyə verilmişdir.
✦ Göy məscid azərbaycanlıların orta əsrlərdə İrəvan şəhərində inşa etdirdiyi yeganə hələ də salamat qalmış böyük ibadətgahdır. Hazırda Ermənistan tərəfi onu “Fars məscidi” kimi təqdim etməyə çalışsa da, Göy məscid Azərbaycan memarlıq irsinin əhəmiyyətli nümunələrindən biri, Qərbi Azərbaycanın tarixi dini-mədəni yaddaşını yaşadan sonuncu böyük abidədir.