
✦ Əkərək kənd məscidi memarlıq və arxitektura baxımından digər məscidlərdən fərqlənirdi. Çay və qaya daşlarından, həmçinin kərpicdən ağ əhənglə tikilən, böyük və eni 5 m, uzunluğu 20 m, 4 m civarında hündür tavanı olan məscidin çoxlu pəncərələri vardı. İki hissədən ibarət olan məscidə bitişik türbə də yerləşirdi. Məscid, eyni zamanda vəfat edən insanların dəfn üçün hazırlanması, ailə həyatı qurmaq üçün kəbin kəsdirənlərin də müraciət məkanları rolunu oynayıb. Məsciddə Quran oxumağı və ibadət etməyi də öyrədirdilər. Məscid, həmçinin fərdlər arasındakı sosial status fərqini aradan qaldıran reabilitasiya mərkəzi idi. Məscidlər təkcə ibadət, dini mərasimlər keçirmək üçün inşa edilmirdi. Məscid çoxfunksiyalı ellik bina hesab edilir, orada keçirilən tədbirlər həm də müsəlmanlar arasında ünsiyyəti, birliyi gücləndirirdi. Əkərək kənd məscidinin dam hissəsi tamamilə uçurulub, dağıdılıb, ancaq kənar divarlarının xarabalıqları qalıb. İslam mədəniyyət abidəsi olduğu üçün ermənilər tərəfindən təmir və bərpa edilməyib. Əksinə, tikinti üçün yararlı olan hissələr sökülərək daşınıb (Kənd əhalisi iri daşları sökərək həyətyanı divar tikintisində istifadə edib).