
✦ Ağadədə məscidi Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında yerləşirdi. Qarasu çayının kənarında olduğu üçün tarixi Ağadədə qəbiristanlığındakı məscidin tikintisində çay və qaya daşlarından istifadə olunmuş, üzü isə ağ torpaqla suvanmışdı. Təxmini hesablamalara görə, məscidin eni 5 metr, uzunluğu 8 metr, hündürlüyü isə 3,5 metr idi. Məscid dəfn mərasimləri və müsəlmanlara aid dini bayramlar zamanı daha qələbəlik olurdu. 1987–1991-ci illərdə baş verən deportasiya prosesində ermənilər azərbaycanlı əhaliyə qarşı zorakılıqlar törətməklə yanaşı, bir neçə yüzillik tarixi olan, azərbaycanlılara aid maddi-mədəni abidələrin bir çoxunu da məhv etmişlər. Bu vandallizm aksiyaları zamanı Ağadədə məscidi də yandırılmışdır. Ağadədə qəbiristanlığındakı məscid İslam mədəni irsinin və dini kimliyin nümunəsi olmaqla yanaşı, xalqın mənəvi dünyasına xitab edən abidə olması baxımından əhəmiyyət kəsb edir. Bu yer sonuncu deportasiyaya (1987–1991-ci illər) qədər azərbaycanlıların inanc və ziyarət yerlərindən idi. Britaniyalı səyyah və fotoqraf Qurdip Mattu Zəngibasar mahalının Uluxanlı qəsəbəsi ərazisindəki Ağadədə məzarlığında olub, onun 2021-ci ilin avqust ayında çəkdiyi fotolardan məzarlığın demək olar ki, tamamilə dağıdıldığı, məscidə gəlincə, arxa tərəfdə 1,5 metr, sağ və sol tərəfdə isə 1 metrə qədər divarlarının qaldığı müşahidə olunur.