
✦ Zəngəzur mahalının Sisian rayonunun Ərəfsə (03.07.1968-ci ildən – Arevis) kəndi ilə Təzəkənd (03.07.1968-ci ildən – Tasik) kəndləri arasında, yüksəklikdə alban türk məbədi. Bölgədə xristianlığın ilk dövrlərinə (IV-V yüzillər) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan tikildiyi üçün yerli əhali onu həm də Qırmızı kilsə adlandırır. Tədqiqatçıların fikrinə görə, bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi hesab olunur. "Siyuni tarixi"nin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491-ci ildə tikilmişdir. Tanaat məbədi Tatev monastırından sonra Siyunidə ikinci ruhani mərkəzi olmuşdur. 1975-ci ildə məbəd bərpa olunarkən guya burada Urartu çarı I Argiştiyə aid daş kitabə tapılmışdır. Məbədin ətrafında XIII-XVII yüzillərə aid xaçdaşlar, qəbiristanlıq, qala qalıqları və s. tikililər mövcuddur. Məbədin yerləşdiyi ərazi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, bura, bütövlükdə Zəngəzur mahalına ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlanmışdır.