
✦ Səlim karvansarası Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd (03.07.1968-ci ildən - Ağcanadzor) kəndinin yaxınlığında yerləşir. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı. Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət idi. Uzunluğu 35,5 m, eni 5 m olan əsas bina şimaldan şərqə doğru uzanırdı. Uzunluğu 31,5 m, eni 14,7 m olan ikinci bina isə birinciyə perpendikulyar tikilmişdi. Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 m, orta hündürlüyü 1 m olan ərəb əlifbası ilə yazılan kitabədən məlum olur ki, karvansara Əbu Səid Xan Bahadur (söhbət Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1328–1329-cu illərdə tikilmişdir. Karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamışlar. Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər. Ermənilər bu abidənin «erməni knyazı» Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışırlar.