
✦ 1655-ci ildə İrəvan şəhərinə səfər etmiş fransız səyyahı Jan Tavernye yol qeydlərində şəhər və qala barədə ətraflı məlumat vermişdir. Onun yazdıqlarına görə, Zəngi çayının sahilindəki təpədə salınmış İrəvan qalası 5 qülləyə və möhkəm müdafiə divarlarına malik olmuş, yalnız şimal tərəfində darvaza yerləşmişdir. Tavernye qeyd edir ki, qalada yalnız müsəlman əhali yaşayırdı.
✦ 1673-cü ildə İrəvanda olmuş digər fransız səyyahı Jan Şarden qalanı daha geniş təsvir edərək yazırdı: “Qala kiçik bir şəhərdən böyükdür. Oval formadadır, dairəsi dörd min addım olub, təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar… Qalanın müdafiəsi üçün üç min əsgər ayrılmışdır. Hakimin (Xan) sarayı qalanın içərisindədir…”
✦ XVII əsrdə möhkəm bir şəhər-qala kimi təsvir edilən İrəvan şəhər qalası zamanla siyasi dəyişikliklərin təsiri altında zəifləməyə başlamış, XIX əsrin ortalarından etibarən tədricən sökülmə prosesinə məruz qalmışdır.
✦ 1865-ci ildə tacir Nerses Tahiryan qalanın ərazisinin bir hissəsini satın almış, həmin yerdə şərab zavodu tikmişdir. Sonralar həmin müəssisə “Ararat konyak zavodu” adını almışdır. Qalanın mövcud zirzəmilərindən hazırda zavodun şərab və konyak anbarları kimi istifadə edilir.
✦ XIX əsrin sonu – XX əsrin əvvəllərində, xüsusilə Cənubi Qafqaza Qacarlar və Osmanlı dövlətləri ərazilərindən kütləvi şəkildə köçürülən ermənilərin İrəvan şəhərində məskunlaşmasından sonra qalanın və daxilindəki tarixi-memarlıq abidələrinin sistemli şəkildə dağıdılması daha da sürətlənmişdir.
✦ Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə Aleksandr Tamanyanın rəhbərliyi ilə qədim Azərbaycan şəhəri İrəvanın milli simasını dəyişmək məqsədilə hazırlanan baş planın məqsədlərindən biri Azərbaycan xalqına məxsus şəhərsalma mədəniyyəti və tarixi-memarlıq irsinin izlərinin silinməsi olmuşdur.
✦ Daha sonra 1936-cı ildə yeni baş plan qəbul edilmiş, həmin ilin iyunun 12-də şəhərin adı dəyişdirilərək "Yerevan" adlandırılmış, qalanın qalıqları tamamilə sökülmüş, ərazidə müasir tipli hündürmərtəbəli binalar və zavod infrastrukturu inşa edilmişdir.