blue ornament
    Çıkıvəng məbədi
    Dağıdılmış və məhv edilmiş abidələr
    V–VI əsrlər
    Məbəd
    Məhv edilib
    Dini tələbat
    Dərələyəz mahalı

    ✦  Bir çox tarixi yaşayış məntəqələrində olduğu kimi, Qarqar kəndində və onun kənarında da tarixi abidələr, qədim məzarlıqlar mövcuddur. Qarqar kəndinə gedən yoldan bir qədər aralıda, dağın zirvəsində Çıkıvəng (ermənilər “Çikivank” adlandırır) adlı kiçik bir məbəd var. Ermənilər Çikivank adının yaranmasını ibadətgahın ətrafındakı torpağın dəri xəstəliklərini sağaltmaq qabiliyyətinə malik olması ilə əlaqələndirirlər. Bu sözün Azərbaycan dilindəki etimologiyasını nəzərdən keçirəndə aydın olur ki, Əyrivəng monastırında olduğu kimi Çıkıvəng məbədinin də adı tikilinin konstruksiyasına tamamilə uyğundur. Azərbaycan türkcəsinin bəzi dialektlərində çıkı, cıqı, çıqqılı, çıkkana, çıqqalanca və s. kimi cismin və ya kütlənin çox kiçik həcmini göstərən təyinedici terminlər mövcuddur. Sözügedən abidə ilə bağlı turistlərin təsvirinə görə və fotoşəkillərdən də göründüyü kimi, kilsə o qədər kiçikdir ki, fiziki məsafəyə riayət edilmədən içəriyə 5, maksimum 6 nəfər sığa bilər. Beləliklə, Çıkıvəng bu tikilinin quruluşuna tam uyğun gələn “kiçik kilsə” deməkdir. Bundan əlavə, Çıkıvəng məbədinin divarlarındakı yazılarda həkk olunan və indiki erməni xalqına heç bir əlaqəsi olmayan Bəhram, Gönçə, Okan, Amat, Asan və s., kimi məbədin tikilməsinin səbəbkarları olan zadəganların və onların ailə üzvlərinin adlarını xüsusi qeyd etmək olar. Məbəd hazırda ermənilər tərəfindən tamamilə dağıdılıb.