
✦ Alagöz (Araqats) rayonundakı Camışlı kəndi Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılıb. Alagöz (Araqats) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə qədər Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Camışlı kəndindəki köhnə qəbiristanlıq ərazisi qədim türk-oğuz qəbirləri və qəbirüstü abidələri ilə zəngin olub. 1987–1991-ci illərin deportasiyasından sonra ermənilər tərəfindən dağıdılan köhnə qəbiristanlıq ərazisindəki təpədə qədim türbə hazırkı dövrdə də mövcudluğunu qoruyur. Dairəvi formada olan türbənin 1,5 m (təxmini) genişliyində giriş qapısı və hündür şiş papaq formasında dam örtüyü var. Dam örtüyünün bir neçə yerində (4–5 yerində) örtüyün parçası düşüb, yeri açıq vəziyyətdədir. Camışlı kəndində dağıdılan köhnə qəbiristanlıq adlanan ərazidəki təpədə türbə indi də qalıb. Ezidi kürdlərin abidəsi kimi təqdim olunur.