
✦ Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olmuşdur. Fitri şairlik istedadı olan Ələsgər böyük ustad Aşıq Alının şagirdi olmuş, ondan aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Aşıq Ələsgər dərin biliyə, böyük zəkaya, geniş dünyagörüşə malik bir sənətkar olmuşdur. Məşhur rus şairi Yakov Polonski XIX əsrin 40-cı illərində Aşıq Ələsgərlə görüşmüş və onun haqqında "Закавказский Вестник" qəzetində xüsusi bir məqalə dərc etdirmişdi. 1918-ci ildə erməni silahlı dəstələri Göyçə mahalını işğal etmiş və Ermənistanda sovet hakimiyyəti qurulanadək Aşıq Ələsgər Kəlbəcər rayonunda qaçqınlıq həyatı yaşamışdır. Aşıq Ələsgər 1921-ci ildə doğulduğu kəndə qayıtmış və 1926-cı ildə burada vəfat etmişdir. 1972-ci ildə aşığın 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş və onun məzarı üzərində qəbirüstü abidə ucaldılmışdır. Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar. 1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.